İrakli Ğaribaşvili Rəcəb Tayyib Ərdoğanla görüşüb
İrakli Ğaribaşvili Rəcəb Tayyib Ərdoğanla görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Baş nazirin mətbuat xidməti tərəfindən yayılmış məlumatda qeyd olunduğu üzrə, BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilib, həmçinin iki ölkənin strateji tərəfdaşlığının nəticələri ilə bağlı diskusiya aparılıb və gələcək əməkdaşlıq üçün yeni perspektivlərdən bəhs edilib.

İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, Gürcüstan və Türkiyə əməkdaşlıqda mühüm irəliləyiş əldə ediblər, bu da həm iqtisadi, həm də siyasi ölçülərdə öz əksini tapıb.

O, mövcud regional layihələrin Gürcüstan və Türkiyə arasında səmərəli strateji əməkdaşlığın, davamlı inkişafın və etibarlı tərəfdaşlığın bariz nümunəsi olduğunu, bunun da hər iki ölkəyə daha çox iqtisadi müstəqillik, təhlükəsizlik və rifah gətirəcəyini bildirib.

Baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edildiyi kimi, tərəflər bölgədəki təhlükəsizlik mühitini də müzakirə ediblər. İrakli Ğaribaşvili məsələlərin sülh danışıqları yolu ilə həllinin vacibliyini vurğulayıb.

Hökumət başçısı Gürcüstanın suverenliyi, ərazi bütövlüyü, eləcə də Avropa və Şimali Atlantika inteqrasiyasına verdiyi güclü dəstəyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.