İrakli Ğaribaşvili - "Qonşuluq Sülh Təşəbbüsü" əməkdaşlığın başqa formatına qarşı deyil və onu əvəz etmir, inanıram ki, biz birlikdə çox vacib işlər görəcəyik
İrakli Ğaribaşvili - "Qonşuluq Sülh Təşəbbüsü" əməkdaşlığın başqa formatına qarşı deyil və onu əvəz etmir, inanıram ki, biz birlikdə çox vacib işlər görəcəyik

 

“Qonşuluq Sülh Təşəbbüsü” əməkdaşlığın başqa formatına qarşı deyil və onu əvəz etmir, inanıram ki, biz birlikdə çox vacib işlər görəcəyik- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra birgə bəyanatında qeyd edib və Gürcüstana səfərə görə minnətdarlığını bildirib.

İrakli Ğaribaşvili İlham Əliyevin səfərinin Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri, eləcə də əməkdaşlıq gündəliyindən irəli gələrək böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Qeyd etmək istərdim ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin daha da yaxınlaşmasında, dostluğumuzun, qardaşlığımızın möhkəmlənməsində sizin töhfəniz əvəzsizdir. Ölkələrimiz arasında həqiqətən unikal əlaqələr və dostluq mövcuddur. Bu münasibətlər sıx tarixi bağlara, qarşılıqlı hörmətə əsaslanır və mən dərindən əminəm ki, mövcud yüksək səviyyəli əlaqələr xalqlarımızın və ölkələrimizin rifahı naminə daha da möhkəmlənəcək.

Bu gün çox vacib görüş keçirdik. Ölkələrimiz arasında güclü tərəfdaşlıq və əməkdaşlıqla bağlı bir çox məsələlərdən danışdıq. Dünyadakı mürəkkəb vəziyyətə, cari proseslərə də nəzər saldıq. Təbii ki, biz regiondakı vəziyyətə toxunduq və hamımız Ukraynada baş verənlərin danışıqlar yolu ilə tənzimlənməli olması barədə razılaşırıq. Həmçinin, onu da ifadə etmək istərdim ki, regionda və dünyada sürətlə dəyişən və mürəkkəb çağırışlar şəraitində regionumuzun və ümumən xalqlarımızın rifahı üçün əsas amillər olan sülh və sabitliyə böyük önəm verilir. Biz regiondakı mövcud vəziyyətə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinin başlanmasına dair son razılaşmaya da toxunduq. Bu, əlbəttə ki, bizə böyük ümidlər verir. Buradaca bir daha təsdiq etmək istərdim ki, Gürcüstan, mən və hökumətimiz birlikdə başladığımız sülhsevər siyasəti davam etdirməyə və dəstəkləməyə tam hazır olduğumuzu açıqlayırıq. Həmçinin qeyd etmək istərdim ki, qeyd olunan dinc qonşuluq təşəbbüsü əməkdaşlığın başqa formatına qarşı deyil və onu əvəz etmir, əksinə, kömək edəcək və inanıram ki, biz birlikdə çox vacib işlər görəcəyik”- deyə İrakli Ğaribaşvili bildirib.