İrakli Ğaribaşvili Qafqaz Danışıqları və Cenevrə Beynəlxalq Müzakirələri Məsələləri üzrə ABŞ Dövlət Departamentinin baş müşaviri ilə görüşüb
İrakli Ğaribaşvili Qafqaz Danışıqları və Cenevrə Beynəlxalq Müzakirələri Məsələləri üzrə ABŞ Dövlət Departamentinin baş müşaviri ilə görüşüb

 
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Qafqaz Danışıqları və Cenevrə Beynəlxalq Müzakirələri Məsələləri üzrə ABŞ Dövlət Departamentinin baş müşaviri Filip Rikerlə görüşüb. Məlumatı baş nazirin mətbuat xidməti yayır.

İdarədən verilən məlumatda, İrakli Ğaribaşvilinin Filip Rikeri yeni vəzifəsi münasibətilə təbrik etdiyi və ona gələcək işlərində uğurlar arzuladığı deyilir.

Baş nazir Gürcüstanın ABŞ-ın regionda və onun hüdudlarından kənarda etibarlı tərəfdaşı və sadiq müttəfiqi olduğunu bildirib.

İrakli Ğaribaşvili və Filip Riker Ukraynada davam edən müharibədən, regionda və dünyada yaranmış çətin təhlükəsizlik vəziyyətindən danışıblar. Söhbət zamanı Gürcüstanın işğal olunmuş ərazilərindəki ağır vəziyyətə də toxunulub. İrakli Ğaribaşvili münaqişələrin sülh yolu ilə həllinin kritik əhəmiyyət daşıdığını bildirib. Bu kontekstdə Cenevrə Beynəlxalq Müzakirələrinin əhəmiyyəti vurğulanıb.

Filip Riker baş nazirə ABŞ-ın ölkənin ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyini bir daha təsdiqləyib.

Söhbət zamanı Ermənistanla Azərbaycan arasında baş nazir İrakli Ğaribaşvilinin vasitəçiliyi və Filip Rikerin iştirakı ilə Azərbaycanın erməni əsirlərini azad etməsinə, Ermənistanın isə Azərbaycana mühüm xəritələr verməsinə dair əldə olunmuş razılığa toxunulub.

Gürcüstanın Avropaya inteqrasiyası da müzakirə olunan məsələlər arasında olub. İrakli Ğaribaşvili bildirib ki, Avropa Şurası Gürcüstana Avropa perspektivi verməklə Gürcüstanın gələcəyinin Avropa İttifaqında olduğunu və Gürcüstanın qəti şəkildə Avropa yolu ilə getdiyini təsdiqləyib.

Hökumət Administrasiyasında keçirilən görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və xarici işlər naziri İlia Darçiaşvili iştirak ediblər.