İrakli Ğaribaşvili - prokuratura sisteminin inkişafı dəyişməz prioritetdir, bizim dövrümüzdə prokurorluğun müstəqilliyi ölkənin ali qanunu, konstitusiya ilə tanınıb
Bu, mənim üçün böyük şərəfdir və Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik konfransına və ali yığıncağa ilk dəfə Gürcüstanda ev sahibliyi etdiyimiz üçün şadıq – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik konfransında çıxışı zamanı açıqlayıb.
Hökumət başçısı prokuratura sisteminin inkişafının hakimiyyətə gələndən bəri hökumətin dəyişməz prioriteti olduğunu bildirib.
Baş nazir İrakli Şotadze və komandasına təşəkkür edib.
“Mən dəyərli qonaqlarımızı – Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çoel Kyu Vanqı, baş katib Han Moraalı, “Eurojust”ın prezidenti cənab Ladislav Hamranı, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Cinayət Məhkəməsinin prokuror müavini xanım Najat Şamem Xanı və bir çox ölkələrin prokurorluqlarının rəhbərləri və dünyanın müxtəlik ölkələrindən olan ədliyyə mütəxəssisləri və yüksək səviyyəli ekspertlərini xüsusilə salamlamaq istərdim. Konfransın adı – “Cinayət Ədliyyə Sistemlərini Dəyişən Qlobal Hadisələr” çətin, çağırışlarla dolu zamanda yaşamalı və işləməli olduğumuzu aydın şəkildə göstərir.
Koronavirus pandemiyasının yaratdığı çətinliklər, indi Ukrayna müharibəsi, Avropa qitəsində hərbi əməliyyatlar nəticəsində yaranan təhdidlər, o cümlədən kriptovalyuta vasitəsilə çirkli pulların yuyulması və kibercinayətkarlıq da daxil olmaqla rəqəmsal transformasiya ilə bağlı cinayətlərin miqyasının artması bu gün dünyanın çətin yenilənmə prosesindən keçdiyini göstərir ; İstər milli səviyyədə, istərsə də beynəlxalq tərəfdaşlıq çərçivəsində daha ədalətli, demokratik, dinc beynəlxalq cəmiyyətin qurulmasında hüquq-mühafizə orqanlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Komandamız hakimiyyətə gələndən bəri prokuratura sisteminin inkişafı bizim daimi prioritetimiz olub. Bizim dövrümüzdə prokurorluğun müstəqilliyi ölkənin ali qanunu – Konstitusiya ilə tanınıb və o, tam müstəqil qurum kimi təsis edilib. Genişmiqyaslı islahatlar nəticəsində Gürcüstan Prokurorluğu effektiv, hesabatlı və şəffaf qurum kimi formalaşıb və eyni zamanda, daim inkişaf edir. Baş prokurorumuza, cənab İrakli Şotadzeyə və onun peşəkarlar komandasına təşəkkür etmək istəyirəm”- deyə baş nazir bildirib.
O bildirib ki, transformasiyada Beynəlxalq Prokurorlar Assosiasiyası kimi beynəlxalq tərəfdaşların daimi dəstəyi olduqca vacibdir.
“Təbii ki, bu transformasiyada beynəlxalq tərəfdaşlarımızın daimi dəstəyi, sizin dəstəyiniz olduqca vacibdir. Biz Beynəlxalq Prokurorlar Assosiasiyası kimi mötəbər qurumla əməkdaşlığı xüsusilə yüksək qiymətləndiririk. 180-dən çox ölkənin qurumları və ya fərdi üzvləri ilə əməkdaşlıq, bir tərəfdən, prokurorluq orqanlarımızın daha da təkmilləşdirilməsi və inkişafı üçün vacibdir və eyni zamanda, ədalətli və demokratik dünyanın qurulmasında özümüz də mühüm rol oynadığımıza inanırıq. Hazırkı konfrans və bu günlərdə planlaşdırılan tədbirlərlə, o cümlədən Gürcüstan Prokurorluğu ilə Avropa İttifaqının Prokurorluğu arasında gələcək əməkdaşlıq haqqında sazişin imzalanması ilə biz ümumi məqsədlərimizə doğru daha bir addım atacağıq.
Və sonda, Gürcüstan Prokurorluğunu Ümumdünya Konfransının ev sahibi kimi seçdiyinə görə Assosiasiyanın İcraiyyə Komitəsinə təşəkkür etmək istəyirəm. Bu, bizim üçün böyük şərəfdir. Biz bunu son illərdə həyata keçirilən islahatların və institusional inkişafın mühüm etirafı kimi qiymətləndiririk. Konfransın yüksək səviyyədə keçirilməsi üçün böyük səy göstərən hər kəsə təşəkkürümü bildirirəm. Hökumətimiz adından söz veririk ki, gələcəkdə Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığın dərinləşməsi üçün hər şeyi edəcəyik. Sizə uğurlu və məhsuldar iş günləri arzu edirəm. Çox sağ olun!” – deyə İrakli Ğaribaşvili bildirib.
Baş prokuror İrakli Şotadze və Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çeol-Kyu Huan da konfrans iştirakçıları qarşısında çıxış ediblər. Tədbirdə 60 ölkədən 300 prokuror və Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının, Avropa Şurasının, ABŞ Ədliyyə Departamentinin (DOJ) cinayət ədliyyəsi sahəsində fəaliyyət göstərən müvafiq bölmələrinin nümayəndələri və sözügedən sahədə çalışan yüksək səviyyəli ekspertlər iştirak edir.
Tbilisi ölkənin və Gürcüstanın Prokurorluğunun tarixində ilk dəfə illik konfransa ev sahibliyi edir. Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) 1995-ci ildə yaradılıb və 177 ölkədən 183 prokurorluq orqanı assosiasiyanın üzvüdür.