Brüsselə səfəri çərçivəsində Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Genişlənmə və Qonşuluq Məsələləri üzrə Avropa komissarı Oliver Varhei ilə təkbətək görüşüb.
Avropa Komissiyasında keçirilən görüşdə Gürcüstana Avropa perspektivinin tanınması ilə bağlı Avropa Şurasının tarixi qərarı qeyd olunub. Baş nazir bu qərarın Gürcüstanı Aİ üzvlüyünə aparacaq yeni mərhələnin əsasını qoyduğunu bildirib.
Baş nazir Gürcüstanın şuranın müəyyən etdiyi 12 prioritetin həllinə dair fəaliyyət planını tezliklə təqdim etdiyini bildirib. İş prosesi parlamentin, hökumətin, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin tam şəkildə iştirakını təmin edir.
Baş nazir Gürcüstanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməsi nəticəsində ölkənin üzvlük namizəd statusunu alacağına ümidvar olduğunu qeyd edib.
Baş nazir həmçinin qeyd edib ki, 2021-2027-ci illər üçün yeni assosiasiya gündəliyi Gürcüstanın iddialı islahat fəaliyyət planının əsası olacaq. Avropa İttifaqı ilə iqtisadi və sektoral inteqrasiyanın əhəmiyyəti, ticarət və onunla əlaqəli digər məsələlərə toxunulub.
İrakli Ğaribaşvili Oliver Varheiə Gürcüstanın iddialı planlarının həyata keçirilməsində şəxsi töhfəsinə və dəstəyə görə təşəkkür edib.
Görüşdə regiondakı təhlükəsizlik vəziyyəti də müzakirə edilib, baş nazir Gürcüstanın Ukrayna xalqı ilə həmrəy olduğunu bir daha ifadə edib.