Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Hökumət Administrasiyasından verilən məlumatda qeyd edildiyi üzrə, Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasından əvvəl Hökumət Administrasiyasında keçirilən təkbətək görüşdə tərəflər yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ölkələr arasında mövcud məhsuldar əməkdaşlığı müzakirə ediblər.
“Baş nazir İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, Gürcüstan və Ermənistan Respublikası arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə keçməsi ölkələr arasında əməkdaşlığı gücləndirəcək.
Baş nazirlər ölkələr arasında əməkdaşlıq gündəliyinin əsas məsələlərini müzakirə edib və Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyətinin dinamikasını qiymətləndiriblər. Gürcüstan və Ermənistan Respublikası arasında ticarət-iqtisadiyyat, nəqliyyat, logistika və mədəniyyət sahələrində əməkdaşlığa diqqət yetirilib.
Tərəflər həmçinin iqtisadiyyat sahəsində əməkdaşlığın yeni istiqamətlərini və əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər. Ölkələr arasında əlaqələrin gücləndirilməsində mühüm platforma olan iki ölkənin Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının rolu vurğulanıb.
Müzakirə olunan məsələlər arasında regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlar olub. İrakli Ğaribaşvili Cənubi Qafqaz regionunda sülh və sabitliyin dəstəklənməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, sülh və sabitliyin təmin olunması regiona yeni imkanlar gətirəcək.
Görüşdə, Gürcüstanın regionda sülh və sabitliyin təşviqində mühüm rolu və səyləri, o cümlədən Ermənistan və Azərbaycan respublikalarının baş nazirlərinin Tbilisidə keçirilən görüşü qeyd olunub. İrakli Ğaribaşvili qeyd edib ki, Gürcüstan regionun dinc inkişafı üçün səylərini yönəltməyə hazır olduğunu yenə də ifadə edir” – məlumatda qeyd olunub.