Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Niderland Krallığının Gürcüstandakı yeni fövqəladə və səlahiyyətli səfiri Meline Arakelian ilə tanışlıq məqsədli görüş keçirib.
Baş nazirin mətbuat xidmətindən verilmiş məlumatda qeyd olunduğu üzrə, Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və Niderland Krallığı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
“Müzakirə olunan məsələlər arasında Gürcüstan və Niderland Krallığı arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində artan dinamika ilə səciyyələnən mövcud əlaqələr olub.
Görüşdə Gürcüstanın Avropaya inteqrasiya prosesinə diqqət yetirilib. Hökumət başçısı Gürcüstanın əldə etdiyi irəliləyişlər və 12 tövsiyənin icrası ilə bağlı mövcud vəziyyət barədə səfirə məlumat verib. O, həmçinin qeyd edib ki, ilin sonuna qədər Gürcüstan namizəd statusunu gözləyir.
Baş nazir Gürcüstana namizəd statusunun verilməsinin və bu prosesdə Niderland Krallığının dəstəyinin vacibliyini vurğulayıb.
“İrakli Ğaribaşvili Meline Arakelianini Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb” – baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.