İrakli Ğaribaşvili “Nenskra-SES”in investor şirkətinin icraçı direktoru ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Nenskra-SES”in investor şirkəti K-Water-in icraçı direktoru Park Ce-Hion ilə görüşüb.
Baş nazirin mətbuat xidmətindən verilən məlumatda, Hökumət Administrasiyasında keçirilən görüşdə cari və planlaşdırılan enerji layihələrinin həyata keçirilməsinin müzakirə edildiyi deyilir.
“Dayanıqlı və bərpa olunan enerji mənbələrinə investisiya qoyuluşunun vacibliyi vurğulanıb.
İrakli Ğaribaşvili Gürcüstan hökumətinin investorlara əlverişli investisiya mühiti təklif etdiyini bildirib.
Baş nazir qeyd edib ki, ölkənin milli maraqlarını nəzərə alaraq, dövlətin böyük su elektrik stansiyalarının tikintisində iştirak etməsi vacibdir. Hökumət başçısı “Nenskra-SES”in ölkənin iqtisadi tərəqqisi, enerji təhlükəsizliyi və enerji müstəqilliyi baxımından vacib olduğunu açıqlayıb.
Görüşdə SES-in tikintisinin sürətləndirilməsinin və layihənin vaxtında başa çatdırılmasının vacib olduğu qeyd olunub.
“Nenskra-SES” Svaneti regionunda 280 MVt gücündə su elektrik stansiyasının tikintisini nəzərdə tutan ən böyük investisiya layihələrindən biridir. Layihənin investisiya həcmi bir milyard 50 milyon dollar təşkil edir.
Görüşdə Koreya Respublikasının səfirliyinin müvəqqəti işlər vəkili İm Don Op, vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze iştirak ediblər” – deyə baş nazirin mətbuat xidmətindən verilən məlumatda deyilir.