İrakli Ğaribaşvili NATO-nun Əlaqələr Bürosunun rəhbəri Rozariya Puqlis ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Gürcüstanda fəaliyyət göstərən NATO Əlaqələr Bürosunun rəhbəri Rozariya Puqlis ilə görüşüb.
Hökumət Administrasiyasında keçirilən görüşdə NATO Əlaqə Bürosunun Gürcüstan-NATO yaxınlaşması prosesinə mühüm töhfəsi müzakirə olunub.
Qlobal pandemiyaya baxmayaraq, 2021-ci ildə aktiv NATO-Gürcüstan əməkdaşlığı, o cümlədən yenilənmiş NATO-Gürcüstan Əsas Paketinin həyata keçirilməsi qeyd edilib.
Söhbət zamanı Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunda mühüm irəliləyişləri, həmçinin demokratikləşmə və müdafiə sahəsində həyata keçirilən islahatlar müzakirə edilib. İrakli Ğaribaşvili vurğulayıb ki, NATO-ya üzvlük Gürcüstanın xarici və təhlükəsizlik siyasətinin əsas prioritetidir. Həmçinin qeyd olunub ki, 2022-ci il NATO Sammiti Gürcüstanın tərəqqisini tanımaq üçün yaxşı fürsət olacaq.
Görüşdə Qara dənizin təhlükəsizliyi, bu sahədə əməkdaşlığın əhəmiyyəti və Avro-Atlantik təhlükəsizlik sistemində regionun rolu müzakirə olunub. Eyni zamanda, görüşdə Gürcüstanın illərdir NATO-nun Əfqanıstanda davam edən missiyasında fəal iştirak etdiyi qeyd edilib və Əfqanıstandan evakuasiya səylərində Gürcüstanın mühüm rolu vurğulanıb.
Baş nazir Rozaria Puqlisə NATO-Gürcüstan əməkdaşlığının gücləndirilməsi istiqamətində göstərdiyi səylərə və Gürcüstanın Avro-Atlantik inteqrasiya prosesinə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib və ona uğurlar arzulayıb.
Məlumatı hökumət administrasiyası yayıb.