İrakli Ğaribaşvili - müxaliflər tərəfindən tez-tez təkrarlanan polisə qarşı nalayiq, təhqiramiz ifadələr qəbuledilməzdir, heç bir belə fakt cavabsız qalmamalıdır
Xarici tərəfdaşlarla əməkdaşlıqla, düzgün planlaşdırılmış islahatlar, ardıcıl addımlar, qətiyyətimiz və sizin yüksək peşəkarlığınız sayəsində Daxili İşlər Nazirliyi gürcü polisinin beynəlxalq polis fəaliyyətində də aktiv iştirakına və gürcü polisini fəxrlə təmsil etməsinə nail olub- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Polis Günü ilə əlaqədar keçirilən tədbirdə çıxışında bildirib.
Hökumət başçısının sözlərinə görə, gürcü polisi artıq siyasiləşdirilmir, polis ölkəmizin hər bir vətəndaşını eyni dərəcədə qoruyur.
“Bugünkü gündə mən sizin nazirlikdə, böyük ailənizdə aparılan mühüm islahatlara qısaca toxunmaya bilmərəm. Bizi onların həyata keçirilməsində, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsində və həmçinin texniki təchizatda strateji tərəfdaşlarımız fəal şəkildə dəstəkləyirlər və bu gün də dəstəkləməyə davam edirlər. Bunun üçün onlara bir daha təşəkkür etmək istəyirəm. Məhz xarici tərəfdaşlarla əməkdaşlıqla, düzgün planlaşdırılmış islahatlar, ardıcıl addımlar, qətiyyətimiz və sizin yüksək peşəkarlığınız sayəsində Daxili İşlər Nazirliyi gürcü polisinin beynəlxalq polis fəaliyyətində də aktiv iştirakına və gürcü polisini fəxrlə təmsil etməsinə nail olub. Əziz polislər, biz bu ölkənin vətəndaşları gürcü polisi ilə fəxr edirik, Daxili İşlər Nazirliyində işləyən hər bir insan bizə ümid verir. Bir daha, xidmət üçün təşəkkür edirik. Mən çox şadam ki, biz polisi (institutu) dəyişdirə bilmişik. Gürcüstan polisi artıq siyasiləşdirilmir. Polis ölkəmizin hər bir vətəndaşını bərabər şəkildə qoruyur”, -deyə İrakli Ğaribaşvili bildirib.
Baş nazir həmçinin qeyd edib ki, polisin ünvanına nalayiq, təhqiredici ifadələr səsləndirilməsi qətiyyən yolverilməzdir, təəssüf ki, müxalifət tərəfindən tez-tez təkrarlanır.
“Əlbəttə, buna dözmək olmaz, heç bir güzəştə getməməliyik, heç bir belə fakt cavabsız qalmamalıdır. Polis toxunulmaz olmalıdır və təbii ki, mən nazirliyin müvafiq reaksiya verdiyi fərdi səhlənkarlıqları demirəm, lakin mən sizin qürurlu fəaliyyətinizi, peşənizi təhqir etmək cəhdini qətiyyətlə pisləyirəm, bu yolverilməzdir. Ona görə də bir daha demək istəyirəm ki, istənilən belə hərəkət cəzalandırılacaq və biz heç bir güzəştə getməyəcəyik” – deyə hökumət başçısı bildirib.