İrakli Ğaribaşvili - müharibəni vaxtında bitirmək lazımdır, Ukrayna xalqına sülh arzulayıram, biz Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha təsdiq edirik
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Gürcüstanın xaricdəki diplomatik missiyalarının rəhbərlərinə xidmətlərinə görə təşəkkür edib.
Baş nazirin Səfirlər Konfransındakı çıxışında dediyi kimi, onlar olduqca ağır əmək çəkirlər, xüsusən də problemlərlə dolu reallıqda.
Bununla yanaşı, Baş nazirin qeyd etdiyi kimi, bütün ilin əsas problemi Ukraynada davam edən müharibə olub.
“Hörmətli səfirlər, parlamentin sədri, hökumət və parlament üzvləri, sizləri salamlayıram. Sizin qarşınızda çıxış etmək mənim üçün böyük şərəfdir. Xidmətinizə görə sizə ürəkdən təşəkkür etmək istəyirəm. Bilirəm ki, olduqca ağır əmək çəkirsiniz, xüsusən də bu qədər problemlərlə dolu bir reallıqda. Yeni şəraitdə təbii ki, biz müxtəlif yanaşmalardan istifadə etməliyik. Bu ili bir neçə sözlə yekunlaşdırmaq istərdim. Bütün ilin əsas hadisəsi və dünyanın əsas çağırışı Ukrayna müharibəsi, Rusiyanın əsassız hərbi təcavüzü oldu və əslində bütün dünya nizamını alt-üst etdi. Təbii ki, mən nazirlə razılaşmaq istərdim, digər ölkələrin səfirlikləri Kiyevi tərk edərkən, bizim səfirliyimiz, Ukraynadakı səfirimiz şəxsən son dəqiqəyə kimi öz vəzifələrini yerinə yetirdi. Səfirliyimizə, Ukraynadakı səfirimizə, hər bir işçiyə təşəkkür edirik. Bugünkü hadisələr hər kəs üçün böyük çağırışdır. Bizim bəyan etdiyimiz istəyimiz budur ki, müharibə mümkün qədər tez başa çatsın, çünki müharibə təkcə Ukraynanı deyil, həm də bütün Avropanın, regionumuzun təhlükəsizlik arxitekturasını təhdid edir. Təbii ki, bu müharibə və onun nəticələri təkcə ölkəmizə deyil, bütün dünyaya təsir edəcək. Bu müharibəyə, bu münaqişəyə vaxtında son qoymaq lazımdır. Bu bizim arzumuzdur. Mən bir daha Ukrayna xalqına sülh, müharibənin tezliklə başa çatmasını arzu etmək istəyirəm. Biz Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyimizi bir daha təsdiqləyirik. Biz ukraynalı dostlarımıza, ilk növbədə, Ukrayna xalqına kömək etmək üçün əlimizdən gələni edirik. Müharibə başlayandan bəri biz 400-dən çox qətnamə və bəyanata qoşulmuşuq, faktiki olaraq hər platformada Ukraynaya dəstəyimizi ifadə etmişik. Biz Ukrayna xalqına bütün formatlarda dəstəyimizi ifadə etdik” – deyə Baş nazir açıqlayıb.