İrakli Ğaribaşvili Moldovanın vitse baş naziri ilə görüşüb
İrakli Ğaribaşvili Moldovanın vitse baş naziri ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Moldovanın Reinteqrasiya Məsələləri üzrə vitse baş naziri Oleq Serebryanla görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumatda görüşdə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərinin müzakirə edildiyi deyilir. İki ölkənin müvafiq qurumlarının müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığı vurğulanıb və mövcud məhsuldar əməkdaşlığı daha da dərinləşdirməyə hazırlıq ifadə olunub.

Münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

Hökumət başçısı Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqliyini bir daha təsdiqləyib. Baş nazir və Moldovanın vitse baş naziri iki ölkənin suverenliyi və ərazi bütövlüyü məsələlərində güclü qarşılıqlı dəstəyi təsdiqləyiblər.

Assosiativ Üçlük ölkələrinin Avropa İttifaqına inteqrasiyası prosesinə də toxunulub. Avropa Şurasının tövsiyələrinin icrasına, artıq atılan addımlara və fəaliyyət planına diqqət yetirilib.

Görüşdə regionun və dünyada mövcud təhlükəsizlik mühiti və çağırışlar müzakirə edilib. Mövcud çağırışların aradan qaldırılması üçün birgə səylərin vacibliyi vurğulanıb.

Hökumət Administrasiyasında keçirilən görüşdə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi Ruslan Bolboçan, Reinteqrasiya Siyasəti Bürosunun rəis müavini Euqen Kara, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Tea Axvlediani və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.