İrakli Ğaribaşvili Marneulidə azərbaycanlı həmvətənləri Novruz bayramı münasibətilə təbrik edib
İrakli Ğaribaşvili Marneulidə azərbaycanlı həmvətənləri Novruz bayramı münasibətilə təbrik edib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Marneulidə azərbaycanlı həmvətənləri Novruz bayramı münasibətilə təbrik edib.

“Bugünkü gün münasibətilə hamınızı təbrik etmək istəyirəm. Əziz həmvətənlərimizi, etnik azərbaycanlı həmvətənlərimizi, qardaş Azərbaycanda, Türkiyədə, hər yerdə olan qardaşlarımızı Novruz bayramı münasibətilə təbrik etmək istəyirəm.

Hamını bugünkü gün münasibətilə təbrik etmək, vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq, daha çox bərəkət, daha çox sevinc, sabitlik və xalqımıza hər şeyin ən yaxşını arzulamaq istəyirəm. Həmvətənlərimizə bunu arzulamaq istəyirəm. Azərbaycanlı həmvətənlərimizə, olduqca zəhmətkeş, ziyalı insanlara böyük hörmət və sevgimi təsdiq etmək və bugünkü günün sülh, firavanlıq, sevinc, ölkəmizin və xalqımızın bugünkü gündə ehtiyac duyduğu hər şeyin ən yaxşısı ilə bağlı olmasının rəmzi olduğunu da bir daha qeyd etmək istəyirəm”- deyə baş nazir qeyd edib.

Hökumət başçısı Novruz bayramına həsr olunmuş təntənəli tədbirlərdə iştirak edib.

Baş nazir bayramla əlaqədar Marneulinin mərkəzi küçəsində təşkil olunmuş, etno guşənin, əl işləri sərgisinin, müxtəlif idman və mədəni tədbirlərin keçirildiyi məkanı ziyarət edib. O, əhali qarşısında çıxış edərək Marneulinin mərkəzində simvolik tonqala od vurub.

Marneulidə keçirilən tədbirdə baş nazirlə birlikdə barışıq və bərabərlik məsələləri üzrə dövlət naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regionlarla Əlaqələr Şöbəsinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Marneuli meri Kənan Ömərov, Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze, deputatlar Zaur Darğallı və Savalan Mirzoyev, Azərbaycanın səfiri Faiq Quliyev və “Socar” şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədov iştirak ediblər.