İrakli Ğaribaşvili Macarıstanın xarici işlər və ticarət nazirinə Gürcüstanın Avropaya inteqrasiyası yolunda güclü dəstəyə görə təşəkkür edib
Gürcüstana Aİ-yə üzvlük perspektivinin verilməsi ilə bağlı Avropa Şurasının qərarı və iki ölkə arasında sıx tərəfdaşlıq əlaqələri Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Macarıstanın xarici işlər və ticarət naziri Piter Siiarto arasında əsas müzakirə mövzuları olub.
İrakli Ğaribaşvili Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsinə göstərdiyi açıq dəstəyə görə Piter Siiartoya təşəkkür edib və prinsipial mövqe tutduğuna görə Macarıstanın Baş naziri Viktor Orbana minnətdar olduğunu qeyd edib. Hökumət başçısı qeyd edib ki, Gürcüstanın Avropa perspektivi ilə bağlı Avropa Komissiyasının rəyi rəsmi şəkildə tanınıb və bu rəyi Avropa Komissiyasının tövsiyyəsi ilə Avropa Şurası bir daha təsdiqləyib.
Baş nazirin sözlərinə görə, Gürcüstan hökuməti Assosiasiyanın Gündəliyinə daxil edilmiş bütün islahatlar üzərində işi davam etdirir və demokratik islahatlar istiqamətində üzərinə götürdüyü bütün öhdəlikləri sonadək yerinə yetirəcək. İrakli Ğaribaşvili Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Piter Siiartoya təşəkkür edib. Macarıstanın xarici işlər və ticarət naziri öz növbəsində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də Avropa və Avro-Atlantik inteqrasiya prosesinə sarsılmaz dəstəyini bir daha təsdiqləyib.
Görüşdə Gürcüstan və Macarıstan arasında bir çox sahələrdə mövcud uğurlu tərəfdaşlıq vurğulanıb və bu tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazırlıq ifadə edilib. Hökumət Administrasiyasında keçirilən görüşdə Macarıstanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ana Maria Şiko, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili, Gürcüstanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Zaal Qoqsadze və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər.