Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə NATO baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina arasında keçirilən görüşdə Avro-Atlantik inteqrasiya baxımından Gürcüstanın əldə etdiyi irəliləyiş və NATO-Gürcüstan münasibətlərinin gündəliyinin əsas istiqamətləri müzakirə olunub. Bu barədə Hökumət Administrasiyasının mətbuat xidməti məlumat yayır.
İdarədən verilən məlumatda İrakli Ğaribaşvili və Xavier Kolominanın Gürcüstana uyğunlaşdırılmış və ölkənin müdafiə qabiliyyətini daha da artırmaq məqsədi daşıyan dəstək tədbirlərindən danışdıqları deyilir. Diqqət NATO-nun yeni strateji konsepsiyasına yönəldilib. Bildirilib ki, konsepsiya NATO-nun Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini təkrarlayır və Qara dənizin Alyans üçün strateji əhəmiyyətini vurğulayır. Baş nazir bildirib ki, Gürcüstan ümumi Avroatlantik təhlükəsizliyə ən böyük töhfə verən ölkə olaraq həmişə Alyansın ən etibarlı və effektiv tərəfdaşlarından biri olub. İrakli Ğaribaşvili qeyd edib ki, bu illər ərzində Gürcüstan Avro-Atlantik inteqrasiya yolunda mühüm irəliləyiş əldə edib.
Ukraynada davam edən müharibə, regionda və dünyada mövcud olan çətin təhlükəsizlik mühitinə toxunulub. İrakli Ğaribaşvili və Xavier Kolomina Gürcüstanın işğal olunmuş ərazilərində mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Baş nazir Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqliyini bir daha təsdiqləyib. Hökumət Administrasiyasında keçirilən görüşdə NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinin rəhbəri Aleksandr Vinikov, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili və Gürcüstanın NATO-dakı nümayəndəsi Viktor Dolidze iştirak ediblər.