İrakli Ğaribaşvili İsveç Krallığının səfiri ilə vida görüşü keçirib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili İsveç Krallığının səfiri Ulrik Tidestromla vida görüşü keçirib.
Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və İsveç Krallığı arasında məhsuldar əməkdaşlıq müzakirə edilib. İsveç Krallığının ölkənin inkişafında müxtəlif istiqamətlərdə göstərdiyi yardımlara diqqət yönəldilib. İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, İsveç Krallığı Gürcüstanın ən böyük beynəlxalq donorlarından biridir və ölkənin demokratik və institusional modernləşməsinə, sosial-iqtisadi inkişafına böyük töhfə verib.
Gürcüstanın Avropaya inteqrasiya yoluna və İsveçin Avropa İttifaqı Şurasına sədrliyi nəzərə alınmaqla xüsusilə vacib olan bu prosesdə İsveçin dəstəyinə toxunulub.
Gürcüstanın əldə etdiyi irəliləyiş, o cümlədən 12 tövsiyənin icrasının müsbət dinamikası qeyd edilib. Baş nazir Avropa İttifaqına inteqrasiyanın gürcü xalqının seçimi olduğunu və ölkənin namizəd statusunu gözlədiyini bildirib.
İrakli Ğaribaşvili Ulrik Tidestroma Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Aİ-yə inteqrasiya prosesinə və onun Avropa islahatları gündəliyinə verdiyi dəstəyə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.