Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili İsrail Dövləti Knessetinin sədri Amir Ohana ilə görüşüb.
Baş nazirin mətbuat xidmətindən verilmiş məlumatda Hökumət Administrasiyasında keçirilən görüşdə tərəflərin ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas istiqamətlərini nəzərdən keçirdikləri deyilir. Bu kontekstdə baş nazir İrakli Ğaribaşvilinin İsrail Dövlətinə uğurlu səfəri vurğulanıb.
“Baş nazirin qeyd etdiyi kimi, Gürcüstan hökuməti İsrail dövləti ilə dostluq və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.
İrakli Ğaribaşvili qeyd edib ki, o, İsrail dövləti ilə Gürcüstanın qanunverici orqanları arasında əməkdaşlığın aktivləşməsini alqışlayır.
Müzakirə olunan məsələlərdən biri də ölkələr arasında artan dinamika ilə xarakterizə olunan iqtisadiyyat sahəsində əməkdaşlıq olub. Tərəflər bu istiqamətdə mövcud səmərəli əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildiriblər. Baş nazir Gürcüstan və İsrail Dövləti arasında azad ticarət sazişinin imzalanmasının hər iki ölkə üçün yeni imkanlar açacağını deyib” – baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Görüşdə İsrail Dövlətinin fövqəladə və səlahiyyətli səfiri Hadas Mietsadi, Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Revaz Cavelidze və Gürcüstanın İsrail dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Laşa Jvaniya iştirak ediblər.