İrakli Ğaribaşvili işgüzar görüşdə yeni müdafiə məcəlləsi layihəsini müzakirə edib
İrakli Ğaribaşvili işgüzar görüşdə yeni müdafiə məcəlləsi layihəsini müzakirə edib

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili müdafiə naziri Cuanşer Burchuladze və nazirliyin digər rəhbər şəxsləri ilə işgüzar görüş keçirib.

Hökumət Administrasiyasında keçirilən görüşdə baş nazir İrakli Ğaribaşvilinin təşəbbüsü ilə hazırlanan yeni müdafiə məcəlləsi layihəsi müzakirə edilib.

“Yeni müdafiə məcəlləsi layihəsində digər prioritetlərlə yanaşı, çağırışçı və ehtiyat sistemlərinin müasirləşdirilməsi, əsgərlərin sosial şəraitinin daha da yaxşılaşdırılması nəzərdə tutulub. Çağırışçı və ehtiyat sistemləri modernləşdirildikdən sonra Müdafiə Nazirliyinin idarəçiliyinin yeni yanaşması formalaşacaq. Çağırışçıların tamamilə yeni, çevik sistemi yaradılacaq.

Yeni müdafiə məcəlləsi layihəsi ilin sonuna kimi təsdiqlənmək üçün Gürcüstan parlamentinə təqdim olunacaq.

İrakli Ğaribaşvili əsgərlər üçün layiqli şəraitin yaradılmasının və onlara sosial təminat verilməsinin hökumətin prioritet vəzifəsi olduğunu qeyd edib. Yeni məcəllənin əsgərlər üçün yaşayış mənzillərinin verilməsini və sosial təminatların qanunla tənzimlənməsini nəzərdə tutduğu qeyd olunub.

Hökumət başçısı Müdafiə Nazirliyinin büdcəsinin xeyli artdığını və bunun da 2022-ci ildə əldə edilmiş ikirəqəmli iqtisadi artım sayəsində mümkün olduğunu bildirib. “Ordu şəhəri”nin tikintisinin bir neçə aya yekunlaşacağı, 1000-dən çox əsgərin yaşayış mənzilləri ilə təmin olunacağı və bu proqramın gələcəkdə də davam etdiriləcəyi vurğulanıb” – deyə Hökumət Administrasiyasının məlumatında qeyd olunub.

Görüşdə müdafiə nazirinin müavini Qriqol Qiorqadze, Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili və Müdafiə Qüvvələrinin rəis müavini, briqada generalı Conni Tatunaşvili iştirak ediblər.