Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Almaniyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş ilə vida görüşü keçirib.
Baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda, tərəflərin Gürcüstan-Almaniya münasibətlərini müzakirə etdiyi deyilir. Hökumət başçısı sıx və aktiv əməkdaşlığa görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Gürcüstan və Almaniya arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli əməkdaşlıq vurğulanıb və bu münasibətlərin möhkəmlənməsində səfirin şəxsi töhfəsi qeyd edilib.
Hökumət başçısı Almaniya tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin ölkənin Avropa və Avroatlantik məkana inteqrasiyasına verdiyi güclü dəstəyə görə minnətdarlığını bildirib.
Gürcüstan hökumətinin namizəd statusu əldə etmək üçün Avropa Şurası tərəfindən nəzərdə tutulan 12 prioritetin həyata keçirilməsinə faktiki olaraq başladığına diqqət yetirilib. Assosiasiya gündəliyinin uğurla həyata keçirilməsi, eləcə də Assosiasiya haqqında sazişin (AA) və Azad Ticarət Zonası Sazişinin (DCFTA) potensialından tam istifadənin önəmi vurğulanıb. Gürcüstanın Avropa İttifaqının etibarlı və sadiq tərəfdaşı olaraq qaldığı bildirilib”-deyə hökumətin mətbuat xidmətinin məlumatında qeyd olunub.