İrakli Ğaribaşvili - Gürcüstanın Azərbaycan və Ermənistanla sıx tərəfdaşlığı var, bilirəm ki, liderlər ikitərəfli səviyyədə münasibətlər istəyir, bu düzgün yoldur
İrakli Ğaribaşvili - Gürcüstanın Azərbaycan və Ermənistanla sıx tərəfdaşlığı var, bilirəm ki, liderlər ikitərəfli səviyyədə münasibətlər istəyir, bu düzgün yoldur

Gürcüstanın qonşu dövlətlərlə, Azərbaycan və Ermənistanla çox sıx əlaqələri və tərəfdaşlığı var, onlar bizim qardaş və dostumuzdur – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Davos İqtisadi Forumu çərçivəsində keçirilən panellərdən birində açıqlayıb.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin mövqeyi ondan ibarətdir ki, onlar ikitərəfli səviyyədə münasibətlər qurmaq istəyirlər və bu, Ğaribaşvilinin fikrincə, düzgün yoldur.

“İki il əvvəl mənim vasitəçilik cəhdim olub. Azərbaycan 15 məhbusu azad edəndə, Ermənistan isə Azərbaycana minalanmış ərazilərin xəritəsini verəndə biz uğurlu ilk vasitəçiliyi etdik. Bu, uğurlu cəhd idi. Amma bu çox çətin vəziyyətdir. Başa düşürük ki, bu bölgədə çoxlu oyunçu var. Əlavə edim ki, Azərbaycan və Ermənistan liderlərinin mövqeyini bilirəm ki, onlar bir-biri ilə ikitərəfli səviyyədə münasibətlər qurmaq istəyirlər. Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki bu qədər vasitəçi, bu qədər maraqlı tərəflə proses bəzən daha konfliktli və əks-məhsuldar olur. Müvafiq olaraq onlara uğurlar arzulayıram. Onların tezliklə həll yolunu tapacaqlarına və sülh sazişini imzalayacaqlarına böyük ümidlər bəsləyirəm” – deyə İrakli Ğaribaşvili açıqlayıb.