İrakli Ğaribaşvili - Gürcüstan Azərbaycan, Mərkəzi Asiya regionu ilə tərəfdaşlığı gücləndirməkdə maraqlıdır, bu da ölkələrimizə daha çox rifah və sabitlik gətirəcək
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını fəal şəkildə davam etdirdiyini bildirib. SPECA-nın Bakıda keçirilən iqtisadi forumunda baş nazir bu istiqamətdə atılan addımlardan danışıb.
Bundan əlavə, İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, Gürcüstan iqtisadi baxımdan artan potensiala malik ölkə kimi etibarlı və sabit tərəfdaşdır.
“Biz Avropa İttifaqına inteqrasiyamızı fəal şəkildə davam etdiririk. Son on ildə biz Avropa ilə assosiasiya sazişi, azad ticarət sazişini imzalamışıq. Avropa İttifaqı ilə sərbəst gediş-gəliş rejimi, vizasız gediş-gəliş rejimi qüvvəyə mindi. Biz keçən il Avropa perspektivini almışıq və dekabrda namizəd statusunu gözləyirik. Onu da qeyd etmək istərdim ki, Gürcüstan iqtisadi potensialı artan ölkə kimi etibarlı və sabit tərəfdaşdır. Bu günə kimi biz Avropa İttifaqı, Çin ilə azad ticarət sazişləri imzalamışıq, MDB ölkələri, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə ilə azad ticarətimiz var və ümumilikdə Gürcüstandakı azad ticarət sazişləri investorlara 2,3 milyardlıq istehlakçı bazarına çıxış imkanı verir”- deyə İrakli Ğaribaşvili bildirib.
İrakli Ğaribaşvili bu il Gürcüstan və Çin arasında münasibətlərin yeni səviyyəyə keçdiyini bildirib.
“Bu ilin iyul ayında mənim Çinə çox uğurlu səfərim oldu və biz münasibətlərimizi yeni səviyyəyə keçirdik. Biz təkcə ölkələrimizə deyil, bütövlükdə regiona yeni imkanlar verən strateji tərəfdaşlıq sazişi imzaladıq. Onu da qeyd etmək istərdim ki, biz regionda Çin və Avropa İttifaqı ilə azad ticarət sazişi imzalayan yeganə ölkəyik. Gürcüstan Azərbaycanla, Mərkəzi Asiya regionu ilə tərəfdaşlığımızı və əməkdaşlığımızı gücləndirməkdə maraqlıdır, bu da ölkələrimizə daha çox rifah və sabitlik gətirəcək. Mən bugünkü mühüm tədbirə ev sahibliyi etdiyinə görə Prezident Əliyevə bir daha təşəkkür etmək istəyirəm və ona gələcək fəaliyyətində uğurlar arzulayıram” – deyə İrakli Ğaribaşvili bildirib.