Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolonna ilə görüşdü.
Gürcüstan Hökumət Administrasiyasının məlumatına əsasən, görüşdə müzakirələr zamanı Gürcüstan və Fransa arasında mövcud münasibətlərə və həm ikitərəfli, həm də çoxtərəfli formatda gələcək əməkdaşlığın perspektivlərinə toxunulub.
“Qeyd olundu ki, Gürcüstan, Fransanın, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü və fəal dəstəyini, eləcə də işğal olunmuş ərazilərin tanınmaması istiqamətində göstərdiyi böyük səyləri yüksək qiymətləndirir. Ölkələr arasında yüksək səviyyəli səfərlərin mübadiləsinin vacibliyi vurğulanıb.
Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivi müzakirə edilib və bu istiqamətdə Fransanın dəstəyinin vacibliyi qeyd olunub. Xüsusilə qeyd olunub ki, Gürcüstan Avropa dəyərlərini və maraqlarını dəstəkləməkdə, eləcə də regionda təhlükəsizlik və sabitliyin dəstəyi üçün konstruktiv rol oynamaqda davam edir. Cari il Gürcüstana namizəd ölkə statusunun verilməsi prosesində Fransanın dəstəyinin vacibliyi qeyd edilib.
Hökumət Administrasiyasında keçirilən görüşdə Fransa Respublikasının Gürcüstandakı səfiri Şeraz Qasri, Kontinental Avropa direktoru Frederik Mondolon, Nazirlər Kabinetinin müşaviri Adrien Frier, Cənubi Qafqaz məsələləri üzrə səfir, Minsk Qrupunun həmsədri Bris Roquefay və Fransa Respublikasının Gürcüstandakı missiyasının rəhbərinin müavini Rişar Rekena iştirak ediblər.
Görüşdə Gürcüstan tərəfdən xarici işlər naziri İlia Darçiaşvili, Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze, Gürcüstanın Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qoça Cavaxişvili iştirak ediblər”, – deyilir məlumatda.