İrakli Ğaribaşvili Fransanın EDF enerji şirkətinin vitse-prezidenti ilə görüşdü
İrakli Ğaribaşvili Fransanın EDF enerji şirkətinin vitse-prezidenti ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Fransanın EDF enerji şirkətinin vitse-prezidenti, beynəlxalq direktor Beatris Buffon ilə görüşdü.

Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstandakı etibarlı və əlverişli biznes mühitinə diqqət yetirilib.

Ölkənin enerji sahəsində olan potensialı müzakirə edilib. Qeyd edilib ki, bu baxımdan Gürcüstan inkişafın fəal mərhələsindədir. Baş nazir enerji sektorunun inkişafı üçün atılan konkret addımlara diqqət çəkib. Burada müasir, şəffaf və rəqabətədavamlı enerji bazarının vacibliyi vurğulanıb.

EDF Gürcüstanda bərpa olunan enerjiyə, əsasən də su elektrik stansiyalarına sərmayə qoymağa hazır olduğunu bildirib, həmçinin külək və günəş enerjisi layihələrinə də maraq göstərib.

İrakli Ğaribaşvili Beatris Buffona Gürcüstan hökumətinin Fransanın enerji şirkəti ilə əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

Görüşdə Fransa Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Şeraz Qasri, Fransa Enerji Şirkətinin – EDF-nin Avrasiya üzrə direktoru Mark Jirard, layihə rəhbəri Sedrik Lavisye, Gürcüstan tərəfindən isə baş nazirin müavini, davamlı inkişaf və iqtisadiyyat naziri Levan Davitaşvili iştirak ediblər.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.