İrakli Ğaribaşvili Ermənistan polisinin rəhbəri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Gürcüstanda rəsmi səfərdə olan Ermənistan Respublikasının polis rəhbəri, general-mayor Vahe Ğazaryan ilə görüşüb.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Gürcüstan və Ermənistanın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq, o cümlədən transmilli cinayətkarlığa və digər təhlükəsizlik çağırışlarına qarşı mübarizədə tərəfdaşlıq qeyd olunub.
“Görüş zamanı Gürcüstanın baş nazirinin uğurlu vasitəçiliyindən danışılıb, nəticədə 15 Ermənistan vətəndaşı azad edilib, minalanmış ərazilərin mühüm xəritələri Azərbaycana təhvil verilib. Hökumət başçısı gələcək fəal əməkdaşlığa hazır olduğunu bildirib və qeyd edib ki, Gürcüstan regionda davamlı sülh və sabitliyin təmin olunmasına töhfə verəcək dialoqu dəstəkləyir.
Söhbətdə, həmçinin xalqlar arasında dostluq və mehriban qonşuluq münasibətlərinin uzun tarixi və tərəfdaşlığın daha da genişləndirilməsi perspektivləri vurğulanıb”, – deyə baş nazirin mətbuat xidməti bildirib.
Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri iştirak edib.