Gürcüstana Aİ-yə üzvlük perspektivinin tanınması haqqında Avropa Şurasının qərarı və iki ölkə arasında mövcud tərəfdaşlıq münasibətləri Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Fransa prezidenti Emmanuel Makron arasında görüşdə əsas müzakirə mövzuları olub.
Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə Aİ Şurasına sədrlik edən ölkə olaraq Fransanın rolu və Avropaya inteqrasiya prosesində Fransanın Gürcüstana dəstəyinin vacibliyi vurğulanıb.
Baş nazir Fransa prezidentinə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü, Avropa və Avro-Atlantik istəklərinə verdiyi dəstəyə görə təşəkkür edib.
Görüşdə Gürcüstan və Fransa arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda mövcud dinamik və intensiv əməkdaşlığa diqqət yetirilib. Mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə dair hazırlıq ifadə olunub.
İrakli Ğaribaşvili Emmanuel Makronu onun üçün münasib vaxtda Gürcüstana dəvət edib.