İrakli Ğaribaşvili EBRD-in Direktorlar Şurasının üzvləri ilə görüşüb
İrakli Ğaribaşvili EBRD-in Direktorlar Şurasının üzvləri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili EBRD-in Direktorlar Şurasının üzvləri ilə görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, tərəflər Gürcüstan hökuməti ilə EBRD arasında uğurlu əməkdaşlığı və Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həm dövlət, həm də özəl sektorda həyata keçirilən mühüm layihələri müzakirə ediblər.

Qeyd edilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstanda 283 layihəyə 5 milyard avroya yaxın investisiya yatırıb.

Baş nazirin sözlərinə görə, EBRD-in dəstəyi ölkənin prioritet sahələrinin maliyyələşdirilməsi baxımından əvəzsizdir.

Səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid edildiyi bildirilib. Görüşdə ölkədə aparılan struktur islahatlarından, demokratik inkişaf yolunda əldə olunan uğurlardan söhbət açılıb. Mövcud çağırışlara baxmayaraq, Gürcüstan hökumətinin səmərəli siyasətinin son iki ildə ölkəyə ikirəqəmli iqtisadi artım gətirməsinə diqqət yetirilib.

Bundan əlavə, konkret göstəricilərə, o cümlədən turizm istiqamətində müsbət meyillərə diqqət yetirilib. Tərəflər ölkənin enerji təhlükəsizliyinin və enerji müstəqilliyinin artırılması məqsədilə həyata keçirilən iri infrastruktur layihələrindən də danışıblar.

Hökumət Administrasiyasında keçirilən görüşdə EBRD-in Qafqaz üzrə regional direktoru Katarina Biorlin Hansenin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri, Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, maliyyə naziri Laşa Xutsişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.