İrakli Ğaribaşvili Dünya Reqbi Federasiyasının prezidenti Bill Bomont ilə görüşüb
İrakli Ğaribaşvili Dünya Reqbi Federasiyasının prezidenti Bill Bomont ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Dünya Reqbi Federasiyasının prezidenti Bill Bomont ilə görüşüb. Məlumatı Hökumət Administrasiyası yayır.

Hökumət Administrasiyasından verilən məlumatda tərəflərin gürcü reqbisinin inkişafının təşviqi və uğurlu əməkdaşlıqdan danışdıqları deyilir. Hökumət başçısı Dünya Reqbi prezidentinə gürcü reqbisinə verdiyi dəstəyə və Gürcüstana səfərinə görə təşəkkür edib.

Baş nazir reqbiyə Gürcüstan hökuməti tərəfindən böyük dəstək göstərildiyini və bunun, Reqbi İttifaqının artan büdcəsi ilə öz əksini tapdığını və bu idman növünün inkişafının təşviqinin gələcəkdə də fəal şəkildə davam etdiriləcəyini bildirib.

“Gürcüstanda reqbinin inkişafı və güclənməsində “Kartu” Fondunun rolu xüsusilə qeyd olunub . Bildirilib ki, reqbi infrastrukturunun yaradılması və inkişafı üçün “Kartu”nun ianəsinin məbləği 100 milyon ABŞ dollarını ötür, fondun yardımıyla ölkə miqyasında 14 baza və 27 stadion inşa edilib və bu gürcü reqbisinin uğurlarında həlledici rol oynayıb. Həmçinin, Dünya Reqbisinin Bidzina İvanişvilinin xüsusi səylərini qiymətləndirərək, 2014-cü ildə ona fəxri “İnkişaf Mükafatı” təqdim etməsi faktı qeyd olunub.

Gürcüstan Reqbi İttifaqının təşəbbüsü ilə həyata keçirilən və Gürcüstan hökumətinin böyük dəstəyini görən layihələrə toxunulub. Onlar arasında ölkənin müxtəlif bölgələrində 47 lokasiyada 100 yeni meydan konsepsiyası, eləcə də şagirdlərə bütün ölkə miqyasında reqbi oynamağa və sağlam həyat tərzinə çatımlılıq imkanı yaratmaq hədəfini daşıyan “Məktəb Reqbisi” layihəsi də var. Bu layihə “Kartu” Fondu, Mədəniyyət, İdman və Gənclər, Təhsil və Elm nazirliklərinin dəstəyi ilə həyata keçirilir” – deyə məlumatda deyilir.