İrakli Ğaribaşvili Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili sentyabrın 1-də rəsmi olaraq fəaliyyətə başlayacaq Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Roland Prays ilə görüşüb. Görüşdə iyunun sonunda bu vəzifədə 4 illik fəaliyyətini başa vuracaq Dünya Bankının regional direktoru vəzifəsini icra edən Sebastyan Molineus də iştirak edib.
İrakli Ğaribaşvili Roland Praysı yeni vəzifəsi münasibətilə təbrik edib, Gürcüstan hökuməti ilə effektli və səmərəli əməkdaşlığa görə Sebastyan Molineusa təşəkkür edib. Baş nazir Roland Prays və Sebastyan Molineusa gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə Gürcüstan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın dinamikası nəzərdən keçirilib. Baş nazir Gürcüstanın müstəqillik əldə etdikdən sonra Dünya Bankının Gürcüstanın inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Bildirilib ki, üç onillik ərzində Dünya Bankı Gürcüstan iqtisadiyyatının inkişafında, artımında və modernləşməsində mühüm rol oynayıb.
Dünya Bankının hazırkı portfeli 15 aktiv investisiyadan ibarətdir və cəmi 1,5 milyard dollar təşkil edir.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.