İrakli Ğaribaşvili Dunia Miyatoviç ilə Gürcüstanda və onun işğal olunmuş ərazilərində insan hüquqları baxımından mövcud vəziyyəti müzakirə edib
İrakli Ğaribaşvili Dunia Miyatoviç ilə Gürcüstanda və onun işğal olunmuş ərazilərində insan hüquqları baxımından mövcud vəziyyəti müzakirə edib

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Avropa Şurasının insan haqları üzrə komissarı Dunia Miyatoviç ilə görüşüb. Gürcüstan hökumətinin insan hüquqlarının müdafiəsi sahəsində göstərdiyi səylərdən danışılıb. İrakli Ğaribaşvili Avropa Şurası Parlament Assambleyası tərəfindən Gürcüstanda insan hüquqlarının və demokratiyanın inkişafının möhkəmləndirilməsinə verilən töhfəyə görə Dunia Miyatoviçə təşəkkür edib və Gürcüstanın fundamental insan hüquqlarının əsas prioritetinə sadiq qaldığını qeyd edib.

Baş nazir qeyd edib ki, hökumətin əsas prioritetlərindən biri bütün vətəndaşlar üçün sağlam mühitin təmin edilməsidir və bu baxımdan Aİ-Gürcüstan Assosiasiya Razılaşması və çoxtərəfli sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, bir sıra mühüm islahatlar həyata keçirilib. Son illərdə isə Gürcüstanda “Ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında qanun”-un qəbulu ilə birlikdə mühüm qanunvericilik dəyişiklikləri həyata keçirilib.

İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstan İnsan Hüquqları üzrə Vahid Milli Strategiyanı ilk dəfə 2014-cü ildə təsdiqləyib, bu Gürcüstanda insan hüquqları baxımından vəziyyətlə bağlı Tomas Hamerberqin hazırladığı hesabata əsaslanırdı və 2014-2020-ci illəri əhatə edirdi. Bu dəfə isə Hökumət Administrasiyası Xalq Müdafiəçisi Aparatı, qeyri-hökumət təşkilatları və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yoluyla 2022-2030-cu illəri əhatə edəcək İnsan Hüquqlarının Müdafiəsi üzrə İkinci Milli Strategiya üzərində işləyir.

Ötən il BMT-nin agentlikləri, Xalq Müdafiəsi Ofisi və mülki sektorla sıx əməkdaşlıq yoluyla, Hökumət Administrasiyası Fiziki Məhdudiyyətli Şəxslərin Hüquqları üzrə Qurumlararası Koordinasiya Komitəsi yaratdı, komitə Gürcüstan hökuməti qarşısında cavabdehdir və fiziki məhdudiyyətli şəxslərin hüquqlarının müdafiəsi ilə əlaqədar dünya və milli öhdəlikləri, eləcə də BMT-nin Fiziki Məhdudiyyətli Şəxslərin Hüquqlarının Müdafiəsi Komitəsinin rekomendasiyalarını təmin edir.

İrakli Ğaribaşvili qeyd edib ki, ifadə azadlığı və media azadlığı Gürcüstan hökuməti üçün prioritet məsələdir, Gürcüstan Konstitusiyası ilə buna zəmanət verilir və milli səviyyədə müxtəlif hüquqi sənədlərlə qorunur. Onun sözlərinə görə, hökumət media azadlığı, şəffaflıq və plüralizmin təmin edilməsinə sadiq qalır və bu baxımdan Gürcüstanın beynəlxalq reytinqlərdə lider mövqeyi irəliləyişdən xəbər verir.

Görüşdə, həmçinin Gürcüstanın işğal olunmuş regionlarında – Abxaziya və Sxinvalidə ağır humanitar və insan hüquqları baxımından mövcud vəziyyətə toxunulub. İrakli Ğaribaşvili Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Dunia Miyatoviçə təşəkkürünü bildirib və Gürcüstan hökumətinin münaqişənin həlli üzrə sülhsevər siyasətinə sadiqliyini bir daha təsdiqləyib.

Baş nazir və Avropa Şurasının insan hüquqları üzrə komissarı Şərqi Avropa regionunda təhlükəsizlik mühiti və çağırışlardan danışıblar. İrakli Ğaribaşvili qeyd edib ki, Rusiyanın Ukrayna və Gürcüstanın işğalı istiqamətində atdığı addımlar Avropanın təhlükəsizliyini və qaydalara əsaslanan beynəlxalq nizamı pozur.

Hökumət Administrasiyasında keçirilən görüşdə İnsan Hüquqları üzrə Komissar Ofisinin direktor müavini Klaudiya Lem, komissarın müşaviri Olena Petsun, Avropa Şurasının Tbilisi ofisinin rəhbəri Nataliya Vutova, Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, baş nazirin insan hüquqlarının müdafiəsi məsələləri üzrə müşaviri Niko Tatulaşvili və Avropa Şurası yanında Gürcüstanın daimi nümayəndəsi İrakli Qiviaşvili iştirak ediblər.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.