Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Fransa Respublikasının Gürcüstandakı səfiri Dieqo Kolas ilə görüşüb.
Baş nazirin mətbuat xidmətindən verilən məlumatda Hökumət Administrasiyasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərə və əməkdaşlığın gələcək perspektivlərinə toxunulduğu deyilib.
Qeyd olunub ki, Fransa Gürcüstanın dostu və etibarlı tərəfdaşıdır. Gürcüstanın, Fransanın ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qətiyyətli mövqeyini və Gürcüstanın işğal olunmuş ərazilərinin tanınmaması siyasətini dəstəkləməsini yüksək qiymətləndirdiyi vurğulanıb. Ölkənin demokratik islahatlar, institusional modernləşdirilməsi və sosial-iqtisadi inkişafı baxımından Fransanın bu illər ərzində Gürcüstana ən böyük beynəlxalq donor kimi rolu qeyd edilib.
Vida görüşündə hökumət başçısı fransalı diplomata Gürcüstanla Fransa arasında əlaqələrin dərinləşməsinə verdiyi töhfəyə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.