İrakli Ğaribaşvili Devid O'Sallivan, Ceyms O'Brayen və Kumar İer ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqının sanksiyaların həyata keçirilməsi məsələləri üzrə beynəlxalq xüsusi nümayəndəsi Devid O’Sallivan, ABŞ və Birləşmiş Krallığın nümayəndələri, səfir Ceyms O’Brayen və Kumar İer ilə görüşüb.
Baş nazir Aİ-nin xüsusi nümayəndəsinin Gürcüstana səfərini təqdirəlayiq olaraq qiymətləndirib və Brüsseldə keçirilən görüşlər zamanı gürcü tərəfinin dəfələrlə xüsusi nümayəndənin ofisi ilə sıx əməkdaşlıq istəyini ifadə etməsi fonunda onun əhəmiyyətini vurğulayıb.
Görüşdə Rusiyaya qarşı tətbiq olunan maliyyə sanksiyaları ilə bağlı Gürcüstanın Avropa İttifaqı və beynəlxalq ictimaiyyətlə daimi koordinasiyasına diqqət yönəldilib.
Sanksiyalardan yayınma hallarının qarşısının alınması məqsədilə Gürcüstanın müvafiq xidmətlərinin effektiv fəaliyyəti və bu istiqamətdə Gürcüstan-Avropa İttifaqı, eləcə də ABŞ-Gürcüstan arasında uğurlu əməkdaşlıq vurğulanıb.
Həmçinin qeyd olunub ki, Gürcüstanın göstərdiyi səylər beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ Dövlət Departamenti tərəfindən müsbət qiymətləndirilir. Gürcüstanın Ukraynanı siyasi və humanitar istiqamətdə qətiyyətlə dəstəkləməsinə diqqət yetirilib.
Hökumət Administrasiyasında keçirilən görüşdə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herchinski, Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Kelli Deqnan və Böyük Britaniyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mark Kleyton iştirak ediblər. Gürcüstan tərəfindən görüşdə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlia Darçiaşvili, maliyyə naziri Laşa Xutsişvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.