İrakli Ğaribaşvili Danimarka Krallığının xarici işlər naziri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Danimarka Krallığının xarici işlər naziri Lars Loke Rasmussen ilə görüşüb.
Baş nazir Lars Loke Rasmussenə Danimarka tərəfindən Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasına davamlı dəstəyə görə təşəkkür edib.
Baş nazirin mətbuat xidmətinin məlumatında görüşdə Gürcüstanın namizəd statusu almaq üçün atdığı addımların müzakirə olunduğu deyilir.
Danimarka Krallığının xarici işlər naziri İrakli Ğaribaşviliyə Danimarkanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini təsdiqləyib.
Hökumət Administrasiyasında keçirilən görüşdə iki ölkə arasında enerji, müdafiə, turizm və digər sahələrdə mövcud əlaqələrə diqqət yetirilib. Onlar Gürcüstan və Danimarka arasında əməkdaşlığın hansı istiqamətlərdə daha da dərinləşdirilməsinin mümkünlüyünü müzakirə ediblər.
Ticarət-iqtisadi əlaqələrin inkişafının vacibliyinə diqqət yetirilib. Buradaca Gürcüstanın əlverişli investisiya mühiti vurğulanıb. Görüşdə hökumət başçısı həmçinin Danimarkanın Tbilisidə səfirliyinin açılmasının vacibliyini vurğulayıb.
Görüşdə Danimarka Krallığının Xarici İşlər Nazirliyinin daimi dövlət katibi İepe Trenholm-Mikkelsen, Danimarka Krallığının xarici işlər nazirinin xüsusi müşaviri Karen Klement, Danimarka Krallığının Xarici İşlər Nazirliyinin Avropa Qonşuluq Siyasəti üzrə Departamentinin direktoru Henrik Vinser , Danimarka Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ane Toft Sorensen, Gürcüstan tərəfdən isə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili, Gürcüstanın Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze və Gürcüstanın Danimarka Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nata Menabde iştirak edirdilər.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.