İrakli Ğaribaşvili Danimarka Krallığının xarici işlər naziri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Danimarka Krallığının xarici işlər naziri İepe Kopod ilə görüşüb.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan və Danimarka arasında ikitərəfli münasibətlərin vacib məsələləri müzakirə olunub. Şərqi Avropa regionunda təhlükəsizlik baxımından mövcud vəziyyət və Ukraynada davam edən hərbi əməliyyatların təsirinə dair fikir mübadiləsi aparılıb.
Onların verdiyi məlumata əsasən, görüşdə Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyət və təhlükəsizlik çağırışları vurğulanıb. Danimarkanın Gürcüstanın suverenliyinin, ərazi bütövlüyünün, ölkənin Avropa və Avro-Atlantik inteqrasiyasının güclü və qəti tərəfdarı olduğu qeyd olunub.
Görüşdə əsas müzakirə mövzulardan biri Gürcüstan tərəfindən Aİ-yə üzvlüklə bağlı edilən rəsmi müraciət olub.
Baş nazir, bu prosesdə Gürcüstanın beynəlxalq tərəfdaşlarının güclü dəstəyinə ümid etdiyini bildirib.
Danimarka tərəfindən bu məsələdə Gürcüstana tam dəstək göstəriləcəyi qeyd edilib. Ölkələr arasında Danimarka Qonşuluq Proqramı (DANEP) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Proqramın illərdir uğurla davam etdiyi, Gürcüstanın demokratik və institusional transformasiyası prosesində mühüm rol oynadığı bildirilib. Ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri və bu istiqamətdə sonrakı birgə addımlar müzakirə edilib. Bu sahədə daha çox potensialın olduğu və hər iki tərəfin Gürcüstanda daha çox Danimarka şirkətinin və sərmayələrinin təmsil olunmasını istədiyi vurğulanıb.
Hökumət Administrasiyasında keçirilən görüşdə Danimarka Krallığının Xarici Əlaqələr Komitəsinin sədri Bertel Horder, siyasi direktor Kristina Markus Lasen, Danimarka Krallığının Ukrayna və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ule Eqberq Mikelsen, nazir müavini Ule Riudal Svenson, baş məsləhətçi Uiliyam Bo, gürcü tərəfindən Gürcüstan xarici işlər naziri Davit Zalkaliani, Gürcüstan Hökumət Administrasiyasının rəhbəri İlia Darçiaşvili və Gürcüstanın Danimarka Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nata Menabde iştirak ediblər.
Məlumatı baş nazirin mətbuat xidməti yayır.