Baş nazir İrakli Ğaribaşvili Çinin Gürcüstandakı yeni fövqəladə və səlahiyyətli səfiri Cou Sien ilə görüşdü. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayır.
Onların məlumatına görə, Hökumət başçısı yeni təyin olunmuş səfirə uğurlar arzuladı və Gürcüstan ilə Çin arasında səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirdi. Qeyd edildi ki, Çin Gürcüstanın ilk beş ticarət partnyoru sırasındadır və bu ilin yanvar-iyun aylarında Gürcüstan və Çin arasında ticarət dövriyyəsi 922 milyon ABŞ dollarını təşkil etdi. Söhbət zamanı həmçinin, Çin investisiyalarına da toxunuldu və bildirildi ki, Çindən birbaşa xarici investisiyaların ümumi həcmi 695 milyon ABŞ dollarını aşır və Gürcüstan tərəfi bunu müsbət alqışlayır. Görüş zamanı turizm sahəsinə diqqət yetirildi. Gürcüstan və Çin arasında birbaşa uçuşların turistlərin dinamik artımına töhfə verdiyi faktı xüsusilə qeyd edildi. Bununla yanaşı, Gürcüstan və Çin Xalq Respublikası arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın illik tədbir olan növbəti iclasının tezliklə keçiriləcəyinə ümid edildi. Yüksək səviyyəli səfərlərin müsbət dinamikasının qorunub saxlanılmasının vacibliyinə diqqət çəkildi. Bildirildi ki, Gürcüstan Çin Xalq Respublikasının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirir.
Həmçinin, təhsil və elm sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsinə diqqət yetirildfi. Bu il Gürcüstan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu vurğulandı.