İrakli Ğaribaşvili Çexiyanın səfiri ilə görüşüb
İrakli Ğaribaşvili Çexiyanın səfiri ilə görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Petr Kubernat ilə görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, tanışlıq xarakterli görüşdə Çexiya ilə Gürcüstan arasında əlaqələr və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

“Hökumət başçısı yeni səfiri vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Gürcüstanın xarici siyasi prioritetləri vurğulanıb və Çexiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Avropa və Avro-Atlantik inteqrasiyasına güclü dəstəyi qeyd edilib”-deyə baş nazirin mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyilir.

Verilmiş məlumata əsasən, görüşdə Gürcüstan hökumətinin Avropa İttifaqının 12 tövsiyəsinin yerinə yetirilməsi istiqamətində atdığı addımlar müzakirə olunub.

“Baş nazir ölkəmizə namizəd statusunun verilməsinin vacibliyini vurğulayıb və Gürcüstanın göstərdiyi səylərin Avropa Komissiyasının hesabatında layiqincə öz əksini tapacağına və Avropa Komissiyasının Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə ölkələr arasında ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsinin zəruriliyi və hər iki tərəfin bu istiqamətdə işləməyə hazır olduğu vurğulanıb”-deyə baş nazirin mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyilir.

Hökumət Administrasiyasında keçirilən görüşdə Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Yana Qaşparikova iştirak edib.