İrakli Ğaribaşvili Çexiyanın xarici işlər naziri ilə görüşüb
İrakli Ğaribaşvili Çexiyanın xarici işlər naziri ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Aİ Şurasına sədrlik edən Çexiyanın xarici işlər naziri, İan Lipavski ilə görüşüb.

Görüşdə İrakli Ğaribaşvili qeyd edib ki, Çexiyanın xarici işlər nazirinin Aİ Şurasına sədrliyi dövründə Gürcüstana səfəri Çexiyanın Gürcüstanın prioritetlərinə qəti dəstəyini vurğulayır. Bu kontekstdə Avropaya inteqrasiya prosesində Çexiyanın dəstəyinin vacibliyi vurğulanıb.

Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi vacib irəliləyişlərə toxunulub. İrakli Ğaribaşvili Çexiyanın xarici işlər nazirinə Avropa İttifaqının tövsiyələrinin yerinə yetirilməsinin dinamikası barədə məlumat verib.

Görüşdə həmçinin, Avropa İttifaqının təşəbbüsü ilə Avropa siyasi birliyinin Praqada keçirilən birinci sammitinə də toxunulub. Qeyd olunub ki, sammit çərçivəsində bir sıra vacib və maraqlı müzakirələr keçirilib, iştirakçı liderlər də mövcud problemlərin səmərəli həlli yollarını müzakirə ediblər.

Müzakirə olunan məsələlər arasında regionda və dünyada mövcud təhlükəsizlik mühiti də olub. Gürcüstanın kilid strateji mövqeyi vurğulanıb. Baş nazir Gürcüstanın nəqliyyat marşrutlarının şaxələndirilməsində və Avropanın enerji təchizatının təmin edilməsində vacib rol oynaya biləcəyini qeyd edib. Gürcüstanın Avropa İttifaqının regionda etibarlı tərəfdaşı və müttəfiqi olduğu vurğulanıb.

Görüşdə Çexiyanın xarici işlər nazirinin müavini Martin Dvorjak, Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Petr Mikiska, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili, Gürcüstanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Mariam Rakviaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Javelidze iştirak ediblər.