İrakli Ğaribaşvili Çexiya Respublikasının ədliyyə naziri Pavel Blajek ilə görüşüb
İrakli Ğaribaşvili Çexiya Respublikasının ədliyyə naziri Pavel Blajek ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Çexiya Respublikasının ədliyyə naziri Pavel Blajek ilə görüşüb.

Hökumət administrasiyasında keçirilən görüşdə iki ölkə arasında dinamik tərəfdaşlığın əsas istiqamətləri müzakirə edilib.

Hökumət Administrasiyası tərəfindən verilən məlumatda görüşdə son vaxtlar Gürcüstan və Çexiya arasında ikitərəfli səfərlərin xeyli intensivləşdiyinin vurğulandığı deyilir. Mövcud əməkdaşlığın və siyasi dialoqun daha da dərinləşdirilməsinə hazırlıq ifadə olunub. Avropaya inteqrasiya yolunda Gürcüstanın institusional, sosial-iqtisadi transformasiyası və islahatlar istiqamətində Çexiyanın göstərdiyi mühüm yardım vurğulanıb.

“Baş nazir Çexiya Respublikasının ədliyyə nazirinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib və Çexiyanın Aİ-nin monitorinq missiyasında iştirakının vacibliyini vurğulayıb.

Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi mühüm irəliləyişlərə toxunulub. Qeyd olunub ki, Avropa Şurası Gürcüstana Avropa perspektivi verməklə Gürcüstanın gələcəyinin Avropa İttifaqında olduğunu təsdiqləyib və bu qərar Gürcüstanı Aİ üzvlüyünə aparacaq yeni mərhələnin əsasını qoyub. Çexiyanın Aİ Şurasına sədr ölkə kimi rolu və Avropaya inteqrasiya prosesində Çexiyanın dəstəyinin əhəmiyyəti vurğulanıb.

Avropa İttifaqının təşəbbüsü ilə Avropa Siyasi İttifaqının Praqada keçirilən birinci sammitinə də toxunulub. Baş nazirin sözlərinə görə, sözügedən sammit xüsusi əhəmiyyət kəsb edir və Avropa qitəsində sülh və sabitliyin təmin edilməsi üçün səylərin birləşməsinə töhfə verəcək” – deyə məlumatda deyilir.

Görüşdə Çexiya Respublikasının ədliyyə nazirinin müavini Zuzana Piserova, Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Petr Mikiska və Gürcüstanın ədliyyə naziri Rati Breqadze iştirak ediblər.