Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell ilə görüşüb.
Baş nazir görüşdə Gürcüstanın Aİ-yə üzvlük üçün müraciətinin təqdim edilməsinin vacibliyi, anketin doldurulması prosesi və gələcək tədbirlərdən danışıb.
Hökumət başçısı Gürcüstanın Avropa İttifaqına tamhüquqlu üzvlüyünün vacibliyini vurğulayıb. Tərəflər həmçinin son illər Gürcüstan və Avropa İttifaqı arasında intensiv əməkdaşlığın dinamikasını nəzərdən keçiriblər.
İclasda ölkənin iqtisadi, siyasi və demokratikləşmə islahatlarının həyata keçirilməsində əldə etdiyi irəliləyiş qeyd edilib.
Assosiasiya Sazişinin icrası və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq diqqət mərkəzində olub.
Regiondakı təhlükəsizlik mühiti, eləcə də Rusiyanın Ukraynaya hərbi təcavüzünün yaratdığı vəziyyət müzakirə edilib.
Baş nazir Aİ-nin ali nümayəndəsinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyə görə təşəkkür edib.