İrakli Ğaribaşvili Biznes Assosiasiyasına üzv şirkətlərin nümayəndələri ilə görüşüb
İrakli Ğaribaşvili Biznes Assosiasiyasına üzv şirkətlərin nümayəndələri ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Biznes Assosiasiyasına üzv şirkətlərin nümayəndələri ilə görüşüb. Hökumət başçısı biznes sektorun nümayəndələri ilə ölkədəki iqtisadi vəziyyəti müzakirə edib.

Dünyada yaranmış çətin vəziyyət və pessimist gözləntilər fonunda Gürcüstanda misli görünməmiş yüksək, ikirəqəmli iqtisadi artım olduğu vurğulanıb.

Baş nazir hökumətin atdığı səmərəli və məntiqli addımlarla Gürcüstan iqtisadiyyatının sürətlə bərpa olunduğunu, 2021-ci ildə iqtisadiyyatın real artımının 10,4%, 2022-ci ilin 8 ayı ərzində isə 10,3%-lik iqtisadi artım göstəricisinin müşahidə olunduğunu bildirib.

İrakli Ğaribaşvili hökumətlə biznes sektoru arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, Biznes Assosiasiyasının üzvü olan şirkətlərin nümayəndələrinə səmərəli əməkdaşlığa görə təşəkkür edib.

Görüşdə Biznes Assosiasiyasının prezidenti Soso Pxakadze assosiasiyanın indeksinin üçüncü rübünün nəticələrini təqdim edib. Nəticələr biznes sektorundakı müsbət dinamikanı aydın şəkildə əks etdirir. Görüş dialoq rejimində baş tutub. Assosiasiyaya üzv olan şirkətlərin nümayəndələri onlar üçün aktual və vacib suallar ünvanlayıblar.

Görüşdə vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, maliyyə naziri Laşa Xutsişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya və biznes ombudsmanı Otar Danelia iştirak ediblər.