İrakli Ğaribaşvili – Biz regionda sülh və sabitlikdə maraqlıyıq, Gürcüstan həmişə bu prosesdə mühüm rollardan birini oynamağa həvəslidir
“Biz regionda sülh və sabitlikdə maraqlıyıq, Gürcüstan həmişə bu prosesdə mühüm rollardan birini oynamağa həvəslidir”, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Gürcüstan və Ermənistan arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclasında bildirib.
O, Gürcüstanla Ermənistan arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu deyib və qeyd edib ki, Gürcüstan regionda sülhün və sabitliyin inkişafına töhfə verməyə hər zaman hazırdır.
“Tbilisidə dostum, baş nazir Nikol Paşinyanı salamlayıram. Bu, Gürcüstana ikinci səfərinizdir. Onu da məmnunluqla demək istərdim ki, mən iki dəfə rəsmi səfərlə Yereüvanda olmuşam. Bu, həqiqətən də aramızda olan sıx əməkdaşlıqdan və xoş niyyətdən xəbər verir. Bu münasibətə görə sizə təşəkkür etmək istəyirəm. Sizə də minnətdarlığımı bildirmək istərdim ki, məhz bizim təşəbbüsümüz və danışıqlarımız sayəsində bu gün keçirilən Hökumətlərarası İqtisadi Komissiyanın iclası artıq baş nazirlər səviyyəsində keçirilir. İllərdir keçirilməyən bu komissiya sizin şəxsi iştirakınızla yenilənib.
Biz aramızda olan çox sıx, dostluq əməkdaşlığını indi real işə çevirməkdə maraqlıyıq. Biz ticarət, iqtisadi əlaqələri inkişaf etdirməliyik, regional layihələrdən, infrastrukturdan, hər iki ölkə üçün maraqlı olacaq digər layihələrdən danışmalıyıq və ona görə də bu gün toplaşmışıq.
Aramızda olan münasibət ən yüksək səviyyədədir. Fəxr və məmnunluqla demək olar ki, ölkələrimiz arasında belə bir münasibət heç vaxt olmamışdı. Bizim hər zaman yaxın dostluq münasibətimiz olub, lakin demək olar ki, bizim ləyaqətimizdir ki, ölkələr arasında, hökumətlər arasında heç bir anlaşılmazlıq yoxdur və bizim həqiqətən də ideal münasibətimiz var.
Eyni zamanda, biz regionda sülhün və sabitliyin olmasında maraqlıyıq. Gürcüstan həmişə bu prosesdə ən mühüm rollardan birini oynamağa həvəslidir və bu məqsədlə, bildiyiniz kimi, mən sülhsevər qonşuluq təşəbbüsünü səsləndirmişəm. Cənab Baş nazir, bir daha təsdiq etmək istəyirəm ki, biz həmişə regionda iştirak etməyə və sülhün və sabitliyin inkişafına töhfə verməyə hazırıq”, – deyə İrakli Ğaribaşvili bildirib.