İrakli Ğaribaşvili - beynəlxalq ictimaiyyəti Kirbalada baş verən insidentə müvafiq qiymət və reaksiya verməyə çağırırıq
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Rusiya işğalçı qüvvələrinin nümayəndəsinin qanunsuz saxlanılma cəhdi zamanı açdığı atəş nəticəsində həlak olan Gürcüstan vətəndaşının ailəsinə başsağlığı verir.
İrakli Ğaribaşvili insidentin bölgədə mürəkkəb təhlükəsizlik mühitinin olduğunu bir daha təsdiqlədiyini və işğalın ağır nəticələrindən xəbər verdiyini deyib.
“Qori Munisipalitetinin Kirbala kəndi yaxınlığında, Rusiyanın işğal etdiyi ərazidə ağır fakt baş verib – Gürcüstan vətəndaşı qanunsuz saxlanılma cəhdi zamanı Rusiya işğalçı qüvvələrinin nümayəndəsinin açdığı atəş nəticəsində həlak olub.
Hadisə bölgədəki mürəkkəb təhlükəsizlik mühitinin olduğunu bir daha təsdiqləyir və təəssüf ki, Gürcüstan hakimiyyəti ilə bərabər mülki vətəndaşların da üzləşməli olduğu işğalın ağır nəticələrindən xəbər verir.
Bu ən ağır faciə ilə bağlı mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm. Bu ağır məqamda dövlət onların yanındadır.
Sözügedən hadisə ilə bağlı bütün müvafiq mexanizmlər işə salınıb, beynəlxalq tərəfdaşlar məlumatlandırılıb.
İşğalçı qüvvələr tərəfindən qanunsuz saxlanılan daha bir Gürcüstan vətəndaşının ən qısa zamanda azad edilməsi üçün aktiv iş aparılır.
Biz beynəlxalq ictimaiyyəti hadisəyə müvafiq qiymət və reaksiya verməyə, eləcə də işğalçı rejimin nümayəndələrini günahkarın müəyyən edilərək cəzalandırılması üçün bütün tərəflərlə əməkdaşlığa çağırırıq”- baş nazirin bəyanatında deyilir.