Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili işgüzar səfər çərçivəsində Berlində Almaniyanın federal kansleri Olaf Şolts ilə görüşüb.
Görüşdə İrakli Ğaribaşvili Gürcüstanın Avropaya inteqrasiya yolunda atdığı addımlar, həyata keçirilən islahatlar və Avropa Komissiyasının 12 tövsiyəsinin icrasında mühüm irəliləyişlər barədə Olaf Şolsu məlumatlandırıb. Baş nazir Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsinin vacibliyindən də danışıb və qeyd edib ki, Gürcüstan ilin sonunda namizəd statusunu gözləyir.
İclasda baş nazir həmçinin qeyd edib ki, Gürcüstan üçün üzv dövlətlərin həm siyasi, həm də praktiki dəstəyi ölkənin Avropa İttifaqına üzvlüyünün növbəti mərhələsi üçün kritik əhəmiyyət kəsb edir.
Hökumət başçısının sözlərinə görə, federal kansler Gürcüstanın Avropaya inteqrasiyasını həmişə açıq şəkildə dəstəkləyir və buna görə İrakli Ğaribaşvili Olaf Şoltsa təşəkkür edib.
Görüşdə iki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətləri də vurğulanıb.
Tərəflər regionda və dünyada təhlükəsizlik mühitindən danışıblar. Söhbət zamanı Gürcüstanın Avro-Atlantik məkana inteqrasiyası və son illərdə əldə olunan irəliləyişlərə də toxunulub.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.