İrakli Ğaribaşvili BƏƏ-nin İqtisadiyyat və Ticarət Məsələləri üzrə dövlət naziri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili BƏƏ-nin İqtisadiyyat və Ticarət Məsələləri üzrə dövlət naziri Əhməd Əli Əl Saiği ilə görüşüb.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlığa toxunulub. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu və son illər Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinə yüksək səviyyəli səfərlərin də bunun sübutu olduğu qeyd edilib.
Müzakirə olunan məsələlər arasında Gürcüstandakı əlverişli biznes mühiti də olub. Qeyd olunub ki, Gürcüstanda ərəb sərmayəsi hesabına maliyyələşən bir sıra layihələr var və onların sayının artması alqışlanasıdır. Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında azad ticarət rejiminin yaradılması üzrə dialoqun bu ay başlayacağı bildirilib. Baş nazir azad ticarət zonasının yaradılmasının iki ölkə arasında iqtisadi-ticari əlaqələrin təşviqi və inkişafı üçün əlverişli mühit yaradacağını söyləyib.
Hökumət başçısı Gürcüstan vətəndaşlarına vizasız rejim tətbiq etdiyinə görə Birləşmiş Ərəb Əmirlikləri hökumətinə minnətdarlığını bildirib.
Hökumət Administrasiyasında keçirilən görüşdə qarşı tərəfdən Federal Ticarət və Sənaye Palatasının sədri Abdullah Əl Mazrui, Abu Dabi İnkişaf Fondunun əməliyyatlar üzrə direktoru Adel Əl Hosani, Dhabi Group-un idarəçi direktoru Sami Edvard Adams, Etihad Credit İnsurance-nin icraçı direktoru Massimo Palkoni, Dubay Sənaye və İxracat Korporasiyasının baş direktoru Səid Əl Avadi, Gürcüstan tərəfindən isə vitse baş nazir, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, Xarici İşlər Nazirinin müavini Aleksandre Xvtisiaşvili və Gürcüstanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Paata Kalandadze iştirak edib.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.