İrakli Ğaribaşvili Azərbaycanın nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb
İrakli Ğaribaşvili Azərbaycanın nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.

Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və Azərbaycan arasındakı strateji tərəfdaşlığa və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə toxunulub.

Bununla yanaşı, birgə hökumətlərarası komissiya formatında ölkələr arasında iqtisadi əməkdaşlıq müzakirə edilib. Nəqliyyat və informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına diqqət yetirilib. Gürcüstan hökumətinin prioritet istiqamətlərindən birinin ölkənin tranzit funksiyasını gücləndirmək və regional logistik qovşaq olaraq formalaşmaq olduğu qeyd olunub. Gürcüstanın tranzit dəhlizi funksiyasını inkişaf etdirmək məqsədilə həyata keçirilən və cari regional əhəmiyyətli infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi, Gürcüstanın dəmir yolunun modernləşdirilməsi və Şərq-Qərb avtomobil yolunun tikintisi layihələri barədə danışılıb.

Ölkələr arasında ticarət sahəsində əməkdaşlığa diqqət yetirilib. Azərbaycanın son illərdə Gürcüstanın əsas ticarət tərəfdaşı olan ölkələrin beşliyində olduğu xüsusilə vurğulanıb.

Hökumət Administrasiyasında keçirilən görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan tərəfdən isə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və “Gürcüstan Dəmir Yolları”nın baş direktoru Davit Peradze iştirak edib.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.