İrakli Ğaribaşvili Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevlə görüşüb.
Hökumət Administrasiyasında keçirilən görüşdə iki ölkə arasında mövcud əlaqələrə diqqət yetirilib. Söhbət zamanı müxtəlif sahələrdə, o cümlədən təhsil istiqamətində tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinə toxunulub.
Görüşdə təhsil və elm sahəsində əməkdaşlıq haqqında 2022-ci ildə imzalanan ikitərəfli sazişin əhəmiyyəti vurğulanıb.
Ümumi təhsil sahəsində mövcud səmərəli əməkdaşlığı daha da dərinləşdirməyə dair hazırlıq ifadə olunub. Ali təhsil müəssisələri arasında uğurlu tərəfdaşlıq əlaqələri, o cümlədən peşə təhsili müəssisələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Burada vurğulanıb ki, uğurlu əməkdaşlığın sübutu Azərbaycan Diplomatik Akademiyası ilə Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Kutaisi Beynəlxalq Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumudur.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari iştirak ediblər.
Məlumatı Gürcüstan Hökumətinin Administrasiyası yayıb.