İrakli Ğaribaşvili Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin və Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçilərinin görüşündə müzakirə olunan əsas məsələlər Gürcüstan və Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın əsas istiqamətləri və Gürcüstanda cari və həyata keçirilən demokratik islahatların gündəliyi olub.
Hökumət Administrasiyasında keçirilən görüşdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Gürcüstan məsələləri üzrə həmməruzəçilərinin konstruktiv fəaliyyəti vurğulanıb.
Hökumət başçısı səmərəli əməkdaşlığa görə Parlament Assambleyasının nümayəndə heyətinə minnətdarlığını bildirib.
Görüş zamanı regionda və dünyada mövcud təhlükəsizlik mühiti və çağırışlara da toxunulub.
Müzakirə olunan məsələlər arasında Gürcüstanın işğal olunmuş ərazilərində mövcud vəziyyət olub. Münaqişənin sülh yolu ilə həlli prosesində Avropa Şurasının dəstəyinin rolu vurğulanıb. İrakli Ğaribaşvili Avropa Şurası Parlament Assambleyasına Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə təşəkkür edib.
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Klod Kern və Edit Estrella, eləcə də Avropa Şurasının Gürcüstandakı ofisinin rəhbəri Natalia Vutova, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze görüşdə iştirak ediblər.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.