İrakli Ğaribaşvili Avropa Parlamentinin Xarici İşlər Komitəsinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin nümayəndələri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili və Avropa Parlamentinin Xarici İşlər Komitəsinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin nümayəndələri arasında keçirilən görüşdə Gürcüstan tərəfindən Aİ-yə üzvlük üçün rəsmi müraciət və Avropa Parlamentinin Gürcüstana sarsılmaz dəstəyi əsas müzakirə mövzusu olub. Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayır.
Baş nazirin sözlərinə görə, Avropa komissarı Oliver Varhei Lüksemburqda Gürcüstanın xarici işlər naziri İlia Darçiaşviliyə Aİ-yə üzvlük sorğusu-anketini təqdim edib, artıq işçi qrupu yaradılıb və hökumət doldurulmuş sorğu vərəqəsinin ən qısa zamanda Brüsselə göndərilməsi üçün səfərbər olunub. Hökumət başçısının sözlərinə görə, Assosiativ Üçlüyün Aİ-yə qoşulması prosesinin Aİ institutlarının sarsılmaz dəstəyi ilə müşayiət olunması mühümdür.
Görüşdə Aİ-nin Strateji Kompas çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanıb. Qeyd olunub ki, Gürcüstan Aİ-nin regionda etibarlı tərəfdaşıdır, Aİ-Gürcüstan yüksək səviyyəli strateji təhlükəsizlik dialoqu effektiv platforma olaraq qalır və Qara dənizdə əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əsas diqqət Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət və təhlükəsizlik problemlərinə yönəldilib. Baş nazir Gürcüstanın Avropaya inteqrasiyası, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərinə görə avropalı parlamentarilərə təşəkkür edib və qeyd edib ki, Gürcüstan öz ərazisindəki bütün münaqişələrin yalnız sülh yolu ilə həll oluna biləcəyi mövqeyinə sadiqdir.
Tərəflər Ukraynada davam edən hərbi əməliyyatlar nəticəsində regionda yaranmış təhlükəsizlik problemlərini müzakirə ediblər. Baş nazir qeyd edib ki, Gürcüstan Ukraynanı həm siyasi, həm də humanitar cəhətdən dəstəkləyir.
Hökumət Administrasiyasında keçirilən görüşdə Avropa Parlamentinin Xarici İşlər Komitəsinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədrinin müavini, Avropa Xalq Partiyasının siyasi qrupunun üzvü Lukas Mandl, Alt Komitənin üzvləri: Sosialistlərin və Demokratların Mütərəqqi Alyansının Siyasi Qrupunun üzvü Yuaza Olekas, Sosialistlərin və Demokratların Mütərəqqi Alyansının Siyasi Qrupunun üzvü Elena Yonçeva;
Avropa Parlamentinin üzvü, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü Lars Patrik Berq, Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsel, Milli Təhlükəsizlik Şurasının rəhbəri Qivi Tumanişvili və hökumət administrasiyası rəhbərinin vəzifəsini icra edən Revaz Cavelidze iştirak edib.
Məlumatı Baş nazirin Mətbuat Xidməti yayır.