Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Brüsselə səfəri çərçivəsində Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Oliver Varhey ilə görüşüb.
Gürcüstan hökumətindən verilən məlumata əsasən, görüşdə baş nazir Oliver Varheyə Gürcüstanın Avropa Komissiyasının 12 prioritetini həyata keçirməsinin müsbət dinamikası və dövlətin Avropa İttifaqının tövsiyələrinin tam yerinə yetirilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib.
“İrakli Ğaribaşvili diqqəti ölkənin Avropa perspektivinin tanınması ilə bağlı tarixi qərara yönəldib və ilin sonunda Gürcüstana namizəd ölkə statusunun verilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Görüşdə Qara dəniz regionu daxilində əlaqə təşəbbüsləri və bununla bağlı Gürcüstan və Avropa İttifaqı arasında nəqliyyat, enerji və infrastruktur əlaqələrinin dərinləşdirilməsi imkanları vurğulanıb.
Tərəflər bölgədəki təhlükəsizlik vəziyyətindən də danışıblar. Baş nazirin qeyd etdiyi kimi, Gürcüstan regionda sülhün və sabitliyin təmin edilməsini dəstəkləyir”, – deyə rəsmi məlumatda bildirilir.