Gürcüstanın baş naziri İrakli Ğaribaşvili və Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının baş katibi, Helqa Şmid arasında baş tutmuş görüşün əsas müzakirə mövzuları sırasında Gürcüstanla Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında əməkdaşlıq, Ukraynada davam edən hərbi əməliyyatlar və bölgədə mövcud təhlükəsizlik mühiti olub. Bu barədə Hökumət Administrasiyasının mətbuat xidməti məlumat yayır.
Verdikləri məlumata əsasən, baş nazir ATƏT-in baş katibinə Gürcüstanda münaqişənin sülh yolu ilə həlli və müharibə nəticəsində bölünmüş əhali arasında etimadın bərpası prosesində göstərdiyi səylərə görə təşəkkür edib, Cenevrə beynəlxalq danışıqları və İnsidentlərin Prevensiyası və Reaksiya Mexanizmi Formatında ATƏT-in həmsədrlərinin rolunu vurğulayıb. Görüşdə Cenevrə beynəlxalq danışıqlarının növbəti raundunun yaxın gələcəkdə keçirilməsinin zəruriliyi bir daha vurğulanıb. Qeyd olunub ki, təhlükəsizlik və humanitar baxımdan mövcud mürəkkəb çağırışlara baxmayaraq, Gürcüstan hökuməti münaqişənin sülh yolu ilə həllinə və ölkənin demokratik inkişafı prosesinə sadiq qalır.
İrakli Ğaribaşvili və Helqa Maria Şmid Ukraynada davam edən hərbi əməliyyatlardan danışıblar. Baş nazir Ukraynaya yönəlik həmrəyliyini bir daha təsdiqləyib və müharibənin ən qısa müddətdə dayandırılmasının vacibliyini vurğulayıb.