İrakli Ğaribaşvili Antonio Quterreşlə görüşüb
İrakli Ğaribaşvili Antonio Quterreşlə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.

Baş nazirin mətbuat xidməti tərəfindən verilən məlumatda hökumət başçısının Nyu-Yorka səfəri çərçivəsində keçirilən görüşdə dünyadakı mövcud vəziyyət və çağırışların ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

İrakli Ğaribaşvili Antonio Quterreşə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib və BMT-nin münaqişənin sülh yolu ilə həlli prosesində iştirakını yüksək qiymətləndirdiyini qeyd edib.

“Gürcüstan hökumətinin ölkənin ərazilərinin işğaldan azad edilməsi və işğal xətti ilə parçalanmış cəmiyyətlər arasında etimadın bərpasına yönəlmiş münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiq qaldığı xüsusilə vurğulanıb.

Ukraynada davam edən müharibə və onun dünyaya təsirinə toxunulub. İrakli Ğaribaşvili Ukraynada davam edən müharibənin beynəlxalq təhlükəsizliyin arxitekturasını və qaydalara əsaslanan nizam-intizamı tamamilə sarsıtdığını açıqlayıb” – deyə baş nazirin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Mətbuat Xidməti tərəfindən verilən məlumatda Cənubi Qafqaz regionunda təhlükəsizlik mühitinə toxunulduğu deyilir.

“İrakli Ğaribaşvilinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma qeyd edilib, nəticədə Azərbaycan erməni əsirləri azad edib, Ermənistan isə öz növbəsində Azərbaycana mühüm xəritələr verib. Baş nazir regionda sülhün və sabitliyin təmin edilməsi üçün vasitəçi rolunu oynamağa davam etməyə hazır olduğunu bildirib” – deyə baş nazirin mətbuat xidməti tərəfindən yayılan məlumatda qeyd edilib.